Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümü münasibətilə şəhid Ayətullah Xameneinin (Allah ona rəhmət etsin) həzrət İmam Əskərinin (ə) məqamı haqqında söylədiyi fikirlərin bir hissəsi yenidən diqqətə çatdırılır. Bu çıxışlarda həm həzrət İmam Həsən Əsgərinin (ə) şəxsiyyətinin əzəməti, həm də imamların şiəliyin qorunması və genişlənməsindəki tarixi rolu vurğulanır.
İmam Həsən Əsgərinin (ə) fəziləti, şücaəti və müqavimətini hətta müxalifləri də etiraf edirdilər
Elə bir İmam ki, onun tərəfdarları, şiələr, müxalifləri və inanmayanlar – hamısı onun fəzilətinə, elminə, təqvasına, paklığına, məsumluğuna, düşmənlər qarşısındakı şücaətinə, çətinliklər qarşısında səbir və müqavimətinə şahidlik etmiş və bunları etiraf etmişdilər. Bu böyük insan, bu əzəmətli şəxsiyyət şəhid olduğu zaman cəmi 28 yaşında idi.
Şiənin şərəfli tarixində belə nümunələr az deyil. Həzrət İmam Zamanın (ə.f) atası bütün fəzilətləri, yüksək məqamı və saysız kəramətləri ilə düşmənlərin zəhər və cinayətləri nəticəsində dünyadan köçdüyü zaman cəmi 28 yaşında idi. Bu, bir nümunədir. Gənc insan öz qarşısında yüksək bir örnəyin olduğunu hiss edir.
Həmin böyük İmam Cavad(ə) -dır ki, 25 yaşında şəhid olub. Bu isə İmam Həsən Əsgəridir (ə) ki, 28 yaşında şəhadətə qovuşub. Bütün bu fəzilətlər, bütün bu üstünlüklər və bütün bu əzəmət yalnız bizim etiqad bəslədiyimiz və haqqında danışdığımız xüsusiyyətlər deyil, onların düşmənləri, müxalifləri və imamətinə inanmayan insanlar da bunların hamısını etiraf ediblər.
Ayətullah Xameneinin xalqın, şəhid ailələrinin və müharibə iştirakçılarının bir qrupu ilə görüşündə çıxışından – 10.12.1390 / 1 mart 2012-ci il.
İmamət iddiası hakimlərin Əhli-beytə (ə) düşmənçiliyinin əsas səbəbi idi
Bu böyük şəxsiyyətlər daim mübarizə aparırdılar. Ruhu siyasi olan bir mübarizə. Çünki hakimiyyət kürsüsündə oturan şəxs də dinə bağlı olduğunu iddia edirdi. O da dinin zahiri qaydalarına riayət edirdi. Hətta bəzən İmamın dini mövqeyini də qəbul edirdi. (Məsələn, “Məmun” haqqında eşitdiyiniz hadisələrdə olduğu kimi; o, açıq şəkildə İmamın mövqeyini qəbul etmişdi.) Yəni bəzən fiqh məsələsində İmamın fikrini qəbul etməkdən çəkinmirdilər.
Əhli-beytlə mübarizə və qarşıdurmaya səbəb olan əsas məsələ bu idi ki, Əhli-beyt özlərini “İmam” hesab edirdilər. Deyirdilər: “Biz İmamıq.”
Həzrət Baqir (ə) Minada olduğu zaman buyurmuşdu: «إِنَّ رَسُولَ اللهِ کانَ الْاِمامُ» və bir-bir hamısının adını sadalayaraq özünə çatanda buyurmuşdu: “Mən İmamam.”
Hakimlərə qarşı ən böyük mübarizələrdən biri məhz bu idi. Çünki hakimiyyətə gəlmiş və özünü İmam, yəni rəhbər hesab edən şəxs görürdü ki, İmamda olması lazım gələn dəlil və əlamətlər Həzrətdə var, onda isə yoxdur. Buna görə də həmin şəxsiyyəti hakimiyyəti üçün təhlükəli hesab edirdi. Çünki o, imamət iddiasında idi.
Hakimlər bu mübarizə ruhuna qarşı mübarizə aparırdılar, imamlar (ə) isə dağ kimi möhkəm dayanırdılar.
Təbii ki, bu mübarizədə imamların təbliğ etdiyi dini maarif, fiqh hökmləri, davranış və əxlaq prinsiplərinin də öz yeri var idi. Şagirdlərin sayı getdikcə artır, şiələr arasında əlaqələr isə gündən-günə genişlənirdi.
Şiəliyi qoruyub saxlayan məhz bunlar oldu.
İki yüz əlli il ərzində ona qarşı hakimiyyətin mübarizə apardığı bir inanc sistemini təsəvvür edin! Əslində, ondan heç nə qalmamalı, tamamilə aradan getməli idi. Amma indi dünyada baş verənlərə və şiəliyin hansı mövqeyə çatdığına baxın!
Bu məqam İmam Sadiq, İmam Hadi və İmam Həsən Əsgəriyə (ə) həsr olunmuş şeirlərdə çox aydın şəkildə görünməlidir. Onlar mübarizə aparırdılar və məhz bu mübarizə uğrunda canlarından keçdilər. Bu, müəyyən bir məqsədə doğru davam edən bir yoldur. Bəzən biri geri dönür, digəri başqa istiqamətə gedir, amma məqsəd birdir.
30.06.1380 / 21 sentyabr 2001-ci il
İmam Cavadın (ə) dövründən İmam Həsən Əsgərinin (ə) dövrünə qədər şiələrin əlaqələri əvvəlkindən daha geniş idi
Həzrət İmam Rza, həzrət İmam Cavad, həzrət İmam Hadi və həzrət İmam Həsən Əsgərinin (ə) dövründə şiələrin əlaqələri əvvəlkindən daha geniş olmuşdur. İslam dünyasının hər yerində şiələr arasındakı əlaqələrin və şiə təşkilatlanmasının genişlənməsi heç bir dövrdə həzrət İmam Cavad, həzrət İmam Hadi və həzrət İmam Həsən Əsgərinin (ə) dövründəki qədər olmamışdır.
Vəkillərin və nümayəndələrin mövcudluğu, eləcə də həzrət İmam Hadi və həzrət İmam Həsən Əsgəridən (ə) nəql olunan hadisələr – məsələn, bir şəxsin pul gətirməsi və İmamın onunla bağlı hansı işin görülməsini müəyyənləşdirməsi – bunu göstərir.
Yəni bu iki böyük İmamın Samirra şəhərlərində ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, onlardan əvvəl həzrət İmam Cavadın (ə) və daha əvvəl həzrət İmam Rzanın (ə) dövründə olduğu kimi, xalqla əlaqələr getdikcə genişlənmişdi. Bu əlaqələr həzrət İmam Rzadan (ə) əvvəl də mövcud idi. Lakin həzrətin Xorasana gəlişi bu məsələyə çox böyük təsir göstərdi.
18.05.1384 / 9 avqust 2005-ci il
Bu böyük şəxsiyyətlərin çox ağır qəriblik və tənhalıq içində olması, həqiqətən də belədir. Onlar Mədinədən, ailələrindən və tanış olduqları mühitdən uzaqda idilər. Lakin bununla yanaşı, bu üç İmam – həzrət İmam Cavadın (ə) dövründən İmam Həsən Əsgərinin (ə) dövrünə qədər – haqqında başqa bir məqam da var: İmam Həsən Əsgərinin (ə) dövrünün sonlarına yaxınlaşdıqca bu qəriblik daha da artır.
Bu üç İmamın dövründə imamların təsir dairəsi və şiələrin əhatə etdiyi geniş coğrafiya İmam Sadiq və İmam Baqirin (ə) dövrü ilə müqayisədə bəlkə də on dəfə daha geniş idi. Bu, həqiqətən də heyrətamiz məsələdir. Bəlkə də onların bu qədər güclü təzyiq və məhdudiyyət altında saxlanılmasının əsas səbəbi məhz bu idi.
20.02.1382 / 10 may 2003-cü il
İmam Həsən Əsgəri (ə) Samirrada bütün İslam dünyası ilə əlaqə yaratmışdı
Həzrət İmam Rzanın İrana doğru hərəkət etməsindən və Xorasana gəlməsindən sonra baş verən hadisələrdən biri məhz bu idi. Bəlkə də bu məsələ İmam Rzanın (ə) hesablamalarında ümumiyyətlə nəzərdə tutulmuşdu.
Bundan əvvəl şiələr hər yerdə tək-tək yaşayırdılar. Bir-biri ilə əlaqəsiz, ümidsiz, qarşılarında heç bir aydın perspektiv və ümid olmadan. Xəlifələrin hakimiyyəti isə hər yerdə hökm sürürdü. Ondan əvvəl də Harun da firon kimi hakimiyyətdə idi.
Həzrət Xorasana doğru gəlib bu yoldan keçərkən insanların qarşısında elə bir şəxsiyyət göründü ki, öz elmini, əzəmətini, möhtəşəmliyini, doğruluğunu və nuraniyyətini onların gözü qarşısında nümayiş etdirirdi. İnsanlar belə bir şəxsiyyət görməmişdilər.
Bundan əvvəl Xorasanda yaşayan neçə şiə Mədinəyə gedib İmam Sadiqlə (ə) görüşə bilərdi? Amma bu uzun yol boyunca insanlar İmamı yaxından gördülər. Bu, heyrətamiz bir hadisə idi, sanki insan Peyğəmbəri (s) müşahidə edirdi.
Həmin mənəvi heybət və əzəmət, izzət, əxlaq, təqva, nuraniyyət və geniş elm – nə soruşsan, nə istəsən, o şəxs bunlardan agah idi. İnsanların əvvəllər heç vaxt görmədikləri bir şeyi, yəni böyük həyəcan və canlanma yaratdı.
İmam Xorasana və Mərvə çatdı. Mərkəz də Mərv idi. Bu şəhər indiki Türkmənistan ərazisində yerləşirdi. Bir-iki ildən sonra isə Həzrət şəhadətə qovuşdu və insanlar böyük matəmə qərq oldular.
İmamın gəlişi – insanların görmədiyi və eşitmədiyi həqiqətlərin bir nümunəsini onlara göstərməsi – və həmin böyük şəxsiyyətin şəhadəti – insanların qəlbində böyük bir hüzn yaratması – əslində bu bölgələrin bütün ictimai-mənəvi mühitini şiələrin təsir dairəsinə gətirdi. Bu o demək deyil ki, hamı şiə oldu. Amma hamı Əhli-beytə (ə) məhəbbət bəsləməyə başladı...
İmam Rzadan (ə) İmam Həsən Əsgərinin (ə) şəhadətinə qədər belə bir hadisə baş verdi.
Həzrət İmam Hadi və həzrət İmam Həsən Əsgəri (ə) həmin Samirra şəhərində – əslində, hərbi qarnizon xarakteri daşıyan, o qədər də böyük olmayan, yeni salınmış paytaxtda – bütün İslam dünyası ilə bu qədər geniş əlaqələr qurmağı bacarmışdılar.
Samirra “Surru mən rəa” adlandırılırdı. Burada hakimiyyətin başçıları, əyanları və yüksək vəzifəli şəxsləri, eləcə də gündəlik ehtiyacları təmin etmək üçün müəyyən sayda adi insanlar toplanmışdı. İmamların həyatının müxtəlif tərəflərinə nəzər saldıqda onların nə qədər böyük işlər gördüklərini anlayırıq.
Deməli, məsələ yalnız onların namaz, oruc, təharət və nəcasət məsələlərinə cavab verməsindən ibarət deyildi. Onlar “İmam” məqamında – bu sözün İslamdakı həqiqi mənası ilə – dayanır və xalqla danışırdılar.
Məncə, bu cəhət İmamların fəaliyyətinin digər tərəfləri ilə yanaşı, xüsusi diqqətə layiqdir.
Görürsünüz ki, Həzrət İmam Hadi (ə) Mədinədən Samirraya gətirilir və hələ gənc yaşlarında – 42 yaşında – şəhid edilir. Həzrət İmam Həsən Əsgəri (ə) isə 28 yaşında şəhadətə qovuşur.
Bütün bunlar imamların (ə), onların şiələrinin və səhabələrinin tarix boyu həyata keçirdikləri böyük hərəkatı göstərir.
Xəlifələrin hakimiyyət aparatı son dərəcə sərt və güclü polis nəzarəti ilə fəaliyyət göstərməsinə baxmayaraq, imamlar (ə) buna rəğmən belə böyük uğurlar əldə edə bildilər.
Məqsəd budur ki, qəriblik və tənhalıqla yanaşı, bu izzət və əzəməti də görmək lazımdır.
20.02.1382 / 10 may 2003-cü il
Rəyiniz